Beynəlxalq Qadınlar Günü ərəfəsində 110 yaşlı Ceyran nənə ilə görüş keçirilib
Naxçıvan, 6 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda yaşayan 110 yaşlı Ceyran Qafarovanın yaşadığı ünvanda onunla görüş keçirilib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə dövlət qadın siyasətindən söhbət açılıb. Bildirilib ki, muxtar respublikada dövlət qadın siyasəti uğurla həyata keçirilir, qadınlar peşə kurslarına cəlb olunur, məşğulluqları təmin edilir, əl işlərindən ibarət sərgi-satışları təşkil olunur, sağlamlıqlarının təmin edilməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Həmçinin ahıl qadınlar da dövlətimizin diqqət qayğısı ilə əhatə olunur, onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, yubileyləri qeyd olunur. Bu gün keçirilən tədbir də ahıl qadınlara göstərilən qayğının daha bir nümunəsidir.
Sonda tədbir iştirakçıları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə uzunömürlü Ceyran nənəni təbrik edib, ona gül buketi və hədiyyələr təqdim ediblər.
Ceyran nənə ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.