Beynəlxalq qrossmeyster Ülviyyə Fətəliyeva: Naxçıvanda idmana, şahmatçılara yüksək dəyər verilir
Naxçıvan, 30 may, AZƏRTAC
Naxçıvanda təşkilatçılıq, iştirakçılara diqqət çox yüksək səviyyədədir. Burada idmana, şahmatçılara yüksək dəyər verilir və bunu görmək gözəldir. Əlbəttə ki, bu qədər gözəl şəraitin müqabilində gərək pis oynamayasan.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının iştirakçısı, qadınlar arasında beynəlxalq qrossmeyster Ülviyyə Fətəliyeva deyib.
İlk dəfə 2011-ci ildə Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalında iştirak etdiyini bildirən Ülviyyə Fətəliyeva daha sonrakı illərdə də muxtar respublikaya həmin festivallarda iştirak etmək üçün gəldiyini deyib. O, neçə illərdir ki, qadınlar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatında oynadığını da diqqətə çatdırıb.
Şahmatçı deyib: “Bir ildən çoxdur şahmat taxtası qarşısında canlı oyunumuz olmayıb. Lakin sevindiricidir ki, Naxçıvanda belə bir çempionat təşkil edildi, mən də burada iştirakdan məmnunluq duyuram. Naxçıvanlı şahmatçılarla ilk dəfə oynadım. Onlar da çox yaxşı gedişlər edirlər”.
Bu gün ölkəmizdə və muxtar respublikada kişi şahmatçılarla yanaşı, qadın şahmatçıların da sayının artdığını qeyd edən beynəlxalq qrossmeyster onların dünyada ölkəmizi layiqincə təmsil etdiklərini vurğulayıb.