Beynəlxalq sammitdə Azərbaycanda gender bərabərliyindən bəhs edilib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 21-də dünyanın məşhur siyasi platformalardan olan “Qadın Siyasi Liderləri” təşkilatı tərəfindən ilə “QSL 2021 Digital” Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, sammitdə Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard, NATO-nun Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus daxil olmaqla, 100-ə yaxın tanınmış ictimai-siyasi xadim, dövlət başçısı və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Sammitə ölkəmizi təmsil edən Milli Məclisin deputatı Könül Nurullayeva bu sahədə milli bəyannamədən danışaraq bildirib ki, Azərbaycan dövləti müsəlman Şərqində qadınlara bərabər seçki hüququnu təmin edən ilk ölkə kimi daim gender bərabərliyi və qadınların bərabərhüquqluluğunu təbliğ edib. Deputat Azərbaycanda Birinci vitse-prezident və parlamentin sədri kimi vəzifələrə qadınların təyin edilməsini, zərif cinsin nümayəndələrinin qanunverici orqanlarda, idarəçilikdə rolunun artırılmasını qadınlar arasında siyasi liderlərin formalaşmasına böyük töhfə verdiyini qeyd edib.
K.Nurullayeva bəyannamədə, həmçinin ölkəmizdə qadınların iqtisadi cəhətdən gücləndirilməsi mərkəzləri şəbəkəsinin Vətən müharibəsi zamanı dağıdılmış Tərtər, Bərdə və Ağcabədi kimi münaqişə bölgələrindən kənar ərazilərdə də genişləndiriləcəyini qeyd edib.