BƏZİ DAĞ ÇAYLARINDAN QISAMÜDDƏTLİ DAŞQIN VƏ SEL KEÇƏCƏYİ EHTİMAL OLUNUR
Bakı, 22 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-24, gündüz 32-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 26-27 dərəcə isti təşkil edəcəkdir.
İyunun 24-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gecə 22-25, gündüz 34-38 dərəcə isti olacaqdır.
İyunun 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında iyunun 23-də gün ərzində, əsasən, yağmursuz hava şəraiti hökm sürəcəkdir. Lakin axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, qərb rayonlarında hətta leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 21-25 dərəcə isti olacağı gözlənilir.
İyunun 24-25-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, əsasən, gecə və axşam leysan xarakterli intensiv olacağı, qərb rayonlarında isə dolu düşəcəyi ehtimalı var. Havanın temperaturunun iyun ayının 24-də 38 dərəcəyədək isti, iyunun 25-də isə gecə 20-24, gündüz 31-36 dərəcə isti təşkil edəcəyi gözlənilir. Dağlarda havanın temperaturu iyunun 24-də 28 dərəcəyədək isti, iyunun 25-də isə gecə 10-14, gündüz 21-26 dərəcə isti təşkil edəcəkdir.
İyunun 23-dən 26-dək bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, əsasən, axşam və gecə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında isə dolu düşəcəyi ehtimalı var. Çaylarda, eyni zamanda Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.