CƏMİYYƏT
Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir
![Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir](/files/2023/3/1200x630/17032457114297747135_1200x630.jpg)
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 750 millimetr civə sütunundan 747 millimetr civə sütununa enəcək. Nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3-8° isti, bəzi dağlıq ərazilərdə 2°-dək şaxta olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq.