Biləsuvarda ana dili ilə bağlı layihənin yekun tədbiri keçirilib
Biləsuvar, 8 avqust, İlkin Adıyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının inzbati binasında “Şagirdlər arasında ana dilinin saflığının qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində yekun tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri, layihənin rəhbəri Zamin Zeynal, rayon ziyalıları, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Zamin Zeynal bildirib ki, Ümummilli Lider Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət dil siyasəti bu gün onun layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. O qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin belə bir ictimai-mədəni əhəmiyyətli layihəyə dəstək göstərib. Bunun nəticəsidir ki, böyüməkdə olan nəslə ana dilimizin saflığının qorunması və təbliğinə yönəlmiş maarifləndirici layihənin icrası Biləsuvar rayonunda uğurla yekunlaşıb.
Çıxış edənlər ana dilimizin dövlət statusu almasında böyük fədakarlıqlar göstərmiş Ümummilli Lider Heydər Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda “Şagirdlər arasında ana dilinin saflığının qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanmış sosial çarx nümayiş etdirilib.