Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə hazırlıqla bağlı müzakirə aparılıb
Biləsuvar, 8 avqust, İlkin Adıyev, AZƏRTAC
Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə hazırlıq işlərinin faktiki vəziyyətinin qiymətləndirilməsi və gələcəkdə bu istiqamətdə görüləcək işlərin müzakirəsi ilə bağlı ilk görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş Biləsuvar Rayon İcra Hakimiyyətində “Masdar” şirkətinin, WSP təşkilatının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssislərinin iştirakı ilə təşkil olunub.
Günəş elektrik stansiyası Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 1454 hektar torpaq sahəsində inşa ediləcək.
Qeyd edək ki, “Masdar” şirkəti ilə bağlanmış müqavilələrə əsasən, Biləsuvarda (445 MVt), Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası tikiləcək.