REGİONLAR
Biləsuvarda kiçikhəcmli yeni kombayn sınaqdan keçirilib VİDEO
Biləsuvar, 9 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi kiçik pambıq təsərrüfatları üçün nəzərdən tutulan yeni kombaynların sınaq mərhələsinə start verib. Bu gün Biləsuvar rayonunda həmin texnika sınaq keçirilib.
AZƏRTAC xəbər verir ki, “Case New Holland Industrial” şirkəti ilə Aqroservis ASC-nin birgə təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni nəsil “Case” kombaynlarının sahələrdə sınaq yığımları başlayıb.
Aqroservis ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanovun verdiyi məlumatına görə, Azərbaycana gətirilən yeni nəsil “Case” kombaynları ölkəmizdə fəaliyyət göstərən kiçik pambıq təsərrüfatlarının ehtiyaclarına uyğunlaşdırılıb. Bu layihə Azərbaycandakı kiçik fermerlərə pambıq yığımında dəstək olmaq məqsədi daşıyır. Yeni nəsil “Case” kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və alternativi yoxdur. Kombaynın çəkisinin az və ölçüsünün yığcam olması səbəbi ilə sahələrarası daşınması da çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər rəqibləri ilə müqayisədə azlığı “Case” kombaynlarına sahələrdə daha yaxşı manevr etməyə də imkan verir. Bu üstünlüklər, həmçinin “Case” kombaynlarının daha az yanacaq sərfiyyatına gətirib çıxarır ki, bu da digər kombaynlarla müqayisədə istismar xərclərinin az olması ilə nəticələnir.
“Case” kombaynlarının ehtiyat hissələrinin kompakt və asan konstruksiyası isə onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan yaradır. Kombaynın Azərbaycanın fermerlərinin ehtiyaclarına uyğunlaşdırılmış olması, pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək. Bu kombaynlar pambıq əkini ilə məşğul olan yalnız iri sahibkarlar üçün deyil, eyni zamanda xırda sahibkarlar üçün də əlçatan olacaq.
İlk dəfə olaraq yeni kombaynla pambıq yığımı həyata keçirən biləsuvarlı fermer Oktay Aslanov söyləyib ki, 4 ildir pambıqçılıqla məşğuldur: “Biz kənd təsərrüfatı sahəsində dövlət qayğısı ilə lazımi səviyyədə əhatə olunmuşuq. Yeni texnologiyaların tətbiqi biz fermerləri sevindirir. Bu ildən kiçikhəcmli kombaynlardan ilk dəfə olaraq elə öz sahəmdə istifadə etdim. Bu kombaynlar sahəsi daha az olan tarlalar üçün çox əlverişlidir. Çünki kombaynların daha az yanacaqla hərəkət etməsi və manevr qabiliyyətinin yüksək olması kiçik tarlalarda işləri sürətləndirir. Düşünürük ki, gələcəkdə bu texnikaları əldə edək”.