Biləsuvarda saxlanılan qadın narkotacirdən heroin, “patı” və tiryək götürülüb
Bakı, 15 iyul, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 11 kiloqramdan artıq çəkidə müxtəlif növ narkotik vasitə, “patı”, “şüşə” kimi tanınan psixotrop maddələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Fatimə Babayeva, Nicat Tağıyev və Alim Mirzəyev sonuncunun idarə etdiyi “Vaz 2106” markalı avtomobillə Biləsuvar rayonu ərazisində saxlanılıblar.
Baxış zamanı F.Babayevanın əlindəki idman çantasında ayrı-ayrı plastik qablarda 8 kiloqramdan artıq heroin, 2 kiloqram 70 qram tiryək, 1 kiloqram 100 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə - metamfetamin, 270 qram qurudulmuş marixuana, bıçağa bənzər kəsici alət aşkarlanaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakıya aparmaqla orada satışını və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.