ELM VƏ TƏHSİL
Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft-Energetika Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili” mövzusunda “dəyirmi masa” keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə kollec direktorunun müavini Hüseyn Hüseynov Cümhuriyyət dövrü tarixinin hər bir azərbaycanlı tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb.
Fondun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurum tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.
“Dəyirmi masa”da AMEA Neft və Qaz İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərovanın “Cümhuriyyət dövründə təbii sərvətlərin istifadəsi”, sədrin müavini Yeganə Hacıyevanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesinin inkişafı”, gənc mütəxəssislər - Naidə İskəndərqızının “İlk neftçıxarma üsulu”, Zəhra Xanbutayevanın “Cəmiyyətin inkişafında neftin rolu”, Aysel Məmmədovanın “Neft texnologiyasının inkişaf mərhələləri”, Elnarə Ağayevanın “İkinci Dünya müharibəsində Azərbaycanın neft amili” mövzularında məruzələri dinlənilib.
Natiqlər Cümhuriyyət dövründə neft amilinin hökumətin fəaliyyətində ciddi problemlərə gətirib çıxartdığını diqqətə çatdırıb, xarici dövlətlərin “qara qızıla” olan hərislikləri nəticəsində müstəqilliyimizin təhlükə altına düşdüyünü bildiriblər. Onlar xüsusən müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan neft strategiyasının xalqımız və dövlətimiz üçün faydasını qeyd ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.