Binəqədi rayonunda “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısı, YAP Binəqədi Rayon Təşkilatının sədri, Milli Məclisin deputatları, rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, rayon icra hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Vətən müharibəsi qaziləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri, üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Binəqədi Rayonu Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə məktəblilərin əl işlərindən ibarət hazırlanmış rəsm sərgisi ilə tanış olublar.
Tədbir şəhidlərin əziz xatirələrinin ehtiramla yad edildikdən sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Xocalım, evimizə qayıdırıq!” adlı ədəbi-bədii kompozisiyanın təqdimatı ilə açıq elan olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, erməni fitnəkarlığından bəhs edən tamaşa 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların faciəli taleyini, onların saf hisslərini, psixoloji və mənəvi durumunu təsirli səhnələrlə əks etdirir. Həmçinin Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan söz açılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində qazanılan böyük Qələbədən bəhs olunub. Bildirilib ki, xalqımız Xocalıda baş verənləri və onların əziz xatirəsini heç vaxt unutmayacaq.
Tədbir iştirakçıların Xocalı faciəsi haqqında xatirələrini və tamaşanın təəssüratlarını bölüşməklə davam etdirilib.