Binəqədi rayonunda yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirməyə dair vebinar keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, eləcə də Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə mövzusunda “Mənimlə danış” adlı vebinar keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinin, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsinin, orta təhsil müəssisələrində psixoloji xidmət və sağlam psixoloji mühitin rolunun vacibliyi barədə məlumat verilib. Bundan başqa, son dövrdə yeniyetmə və gənclər arasında artan intihar hallarının qarşısının alınması üçün maarifləndirmə işlərinin, müəyyən problemlərlə üzləşən yeniyetmələrə vaxtında psixoloji dəstəyin göstərilməsinin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara zamanında müraciət etmələrinin vacibliyi diqqətə çatdırılıb. Çıxışlarda bu işin rayon rəhbərliyinin və aidiyyəti dəstək qurumlarının daim diqqət mərkəzində olduğu vurğulanıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçisi-psixoloq Orxan Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məişət zorakılığı ilə mübarizə üzrə sektor müdiri Vəfa Ələkbərova, komitənin aparıcı məsləhətçisi Xəyalə Əsgərli, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər evinin direktoru Ələkbər Mustafayev, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, mərkəzin psixoloqu Gülnarə Muxtarova, Binəqədi rayon orta ümumtəhsil məktəblərin psixoloqları və orta məktəb şagirdləri iştirak ediblər.