Biotibbi texnologiyaların inkişaf mərhələləri və tətbiq sahələri araşdırılır
Bakı, 13 oktyabr, AZƏRTAC
Biotibbi mühəndislik tədqiqatları tibbin inkişafında mühüm rola malikdir. XX əsrdə orta ömür uzunluğunun əhəmiyyətli dərəcədə artması bəşər tarixində baş vermiş ən böyük sıçrayışdır. 1700-cü illərə qədər insanların orta ömür uzunluğu bəzi ölkələrdə 40-50 ildən artıq olmadığı halda, bu gün bir çox ölkələrdə gözlənilən ömür uzunluğu azı 80 ildir. Məsələn, 1665-ci ildə Londonda yoluxucu xəstəliyə tutulanların 93 faizi ölürdüsə, 2000-ci illərdə bu nisbət 4 faizə enmişdir. Belə ki, mikroorqanizmləri öldürən bir sıra antibiotiklərin kəşfi yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Zeynəb Bağırova məlumat verib.
Biotibbi mühəndisliyin digər elmlərlə əlaqəsindən söz açan Z.Bağırova deyib: “Biotibbi mühəndislik tibb, fizika, kompüter elmləri və mühəndisliyin digər sahələri ilə sıx bağlıdır. Tibb müəssisələrinin davamlı fizioloji qeydlərin aparıldığı kliniki fiziologiya, kliniki neyrofiziologiya, kardiologiya, reanimasiya və cərrahiyyə kimi bölmələrində biotibbi mühəndislər mühüm rol oynayırlar”.
Onun sözlərinə görə, digər məhsullarda olduğu kimi, tibbi cihazın ixtirasından və qeydiyyatından onun istifadəsinə qədər riayət edilməli olan prosedur həm uzun müddət tələb edir, həm də bəzi iqtisadi risklər daşıya bilir. Bu kontekstdə əmək bölgüsü olan qurumlar, yüksəkixtisaslı kadrlar, informasiya xidmətləri, elmi avadanlıq və alətlərlə təchiz olunmuş tədqiqat laboratoriyaları üstünlük qazanır.
“Tibbi cihazları yaradılma tarixinə görə xronoloji ardıcıllıqla belə sıralamaq olar: termometr, optik linza, stetoskop, rentgen və radioterapiya, elektrokardioqrafiya, elektroensefaloqrafiya, ultrasəs görüntüləmə, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası”, -deyə bildirən Z.Bağırova onların iş prinsipindən danışıb və yeni texnologiyaların tibdə inqilab edə biləcəyini vurğulayıb.