Bir neçə qurum mühasibat uçotunu qanunla elektron formada aparmalı olacaqlar
Bakı, 22 dekabr, AZƏRTAC
Bir neçə qurum mühasibat uçotunu qanunla elektron formada aparmalı olacaqlar. Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndinə əsasən bununla bağlı “Mühasibat uçotu haqqında” Qanuna dəyişikliklərlə bağlı sənədi təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi üçüncü oxunuşda parlamentin dekabrın 22-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Sənədə əsasən, mühasibat uçotunu qanunla elektron formada aparmalı olan qurumlar bunlardır:
- iri sahibkarlıq subyektləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektləri;
- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergiödəyiciləri;
- illik maliyyə hesabatlarını və yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslər. Azərbaycan Mərkəzi Bankı istisnadır.
Qanun layihəsinin hazırlanmasında məqsəd kölgə iqtisadiyyatının qarşısını almaq, pensiya və əmək haqlarının artırılması üçün maliyyə imkanlarının genişləndirilməsidir.
Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.