Bir qrup Bolqarıstan vətəndaşı Azərbaycan əsgərlərinə məktublar ünvanlayıb
Sofiya, 14 noyabr, AZƏRTAC
Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə “Əsgərə məktub” layihəsi çərçivəsində bir qrup Bolqarıstan vətəndaşı tərəfindən Azərbaycan əsgərlərinə məktublar ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, istedadlı bolqar rejissor, Bakıda keçirilən Beynəlxalq Teatr Konfranslarının iştirakçısı Xristo Stoyçev, Bolqarıstanın Ehtiyatda olan Serjantlar və Zabitlər İttifaqının sədri, ehtiyatda olan general Zlatan Stoykov və İttifaqın üzvü, ehtiyatda olan polkovnik Todor Enev, Bolqarıstanın Kırcali şəhərində fəaliyyət göstərən “KırcaaliHaber” qəzetinin sahibi Müzəkki Ahmed və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan dili” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə təhsil almış, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunmuş yay məktəblərinin iştirakçısı Momçil Şopov müzəffər Azərbaycan əsgərlərinə məktublar ünvanlayıblar. Onları Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən parlaq qələbə münasibətilə təbrik ediblər, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycan Ordusunun uğurları və qələbələrindən, eləcə də Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasından məmnunluqlarını ifadə ediblər. Müharibədə həlak olan qəhrəmanlarımızın ailələri və yaxınlarına başsağlığı bildiriblər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya