Birləşmiş Ştatlar Myanma ilə ticarət sazişinin icrasını dayandırıb
Vaşinqton, 30 mart, AZƏRTAC
Ötən istirahət günlərində Myanmada təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmanın gedişində yüzdən çox insan həlak olub. Bundan sonra, martın 29-da Birləşmiş Ştatlar Myanma ilə ticarət sazişinin icrasını dayandırıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tay ABŞ ilə Myanma arasında ticarət və investisiyalar haqqında 2013-cü ildə bağlanmış çərçivə sazişinə müvafiq olaraq bu ölkənin demokratik yolla seçilmiş hökumətinin fəaliyyəti bərpa olunana qədər onunla bütün əlaqələrin dayandırıldığını elan edib.
Ticarət nümayəndəliyinin məlumatında deyilir: “Birləşmiş Ştatlar Myanma xalqının ölkədə iqtisadi inkişafın və islahatların əsasını təşkil edən, demokratik yolla seçilmiş hökumətin fəaliyyətinin bərpa edilməsinə yönəlmiş səylərini dəstəkləyir”.
Daha əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Myanmada hərbçilərin hərəkətlərini pisləyib. Onun sözlərinə görə, məhz hərbçilərin bu hərəkətləri ölkədə qan tökülməsinə gətirib çıxarıb.
Avropa İttifaqı martın 22-də Myanma ali hərbi komandanlığının on nümayəndəsinə və ölkənin seçki komissiyasının rəhbərinə qarşı sanksiyalar tətbiq edib.
Xatırladaq ki, Myanmada nümayişlər fevralın 1-də baş vermiş dövlət çevrilişindən sonra başlanıb. Ölkədə seçkilərin saxtalaşdırılması barədə bəyanatlar səslənəndən sonra hərbçilər ölkə rəhbərlərini devirib və Myanmanın mülki liderini, habelə seçkili vəzifələr tutan digər yüksəkvəzifəli şəxsləri həbs ediblər.
Fevralın 1-də hərbçilər Myanma Prezidenti Vin Myeni və hakim “Demokratiya uğrunda milli liqa” partiyasının lideri Aun San Su Çjini həbs edəndən sonra bir il müddətinə fövqəladə vəziyyət elan ediblər.
AZƏRTAC-ın Vaşinqton bürosu