BİRLƏŞMİŞ ŞTATLARI BİRİNCİ DÜNYA MÜHARİBƏSİNƏ CƏLB EDƏN TELEQRAM TAPILMIŞDIR
Adının çəkilməsini istəməyən və Dövlət kommunikasiyalar qərargahının – xəbərlərin ələ keçirilməsi ilə məşğul olmuş kəşfiyyat təşkilatının tarixini öyrənən ingilis tarixçi bildirmişdir ki, sənəddə hərbi dəniz kəşfiyyatının başçısı admiral Recinald Hollun avtoqrafı var. “Bu sənəd Peycə verilmiş və Prezidentə göstərilmişdir” (Uolter Peyc o vaxt ABŞ-ın Böyük Britaniyada səfiri idi).
İndiyədək sənədin originalının itdiyi güman olunurdu. Hollun əmrinə əsasən, Birinci Dünya müharibəsinə aid sənədlərin əksəriyyəti məhv edilmişdir. Böyük Britaniya Milli Arxivində teleqramın yalnız fotosurəti saxlanılırdı. Bu isə sonralar bəzi tarixçilərə belə düşünməyə əsas verirdi ki, “Simmerman teleqramı” saxta idi. Tarixçi demişdir: “Belə hesab etməyə hər cür əsasım var ki, mən originalı tapmışam”.
1916-cı ilin axırlarında Almaniyanın xarici işlər naziri Artur Simmerman ABŞ ilə müharibə təqdirində Meksikanı Almaniyanın tərəfinə cəlb etmək üçün plan hazırlamışdı. 1917-ci ilin yanvarında o, Almaniyanın Vaşinqtondakı səfiri qraf Bernsdorfa teleqram göndərərək, öz planını təfərrüatı ilə açıqlamışdı. Bernsdorfa bildirilirdi ki, Almaniya Antantanın gəmilərinə qarşı total sualtı müharibəyə başlamağı planlaşdırır, lakin çalışır ki, ABŞ-ın öz bitərəfliyini pozmağa əsası olmaması üçün onun bayrağı altında üzən gəmilər Almaniyanın sualtı qayıqlarının hücumundan zərər çəkməsin.
Vaşinqton müharibəyə qoşulmağı, hər halda, qərara alsa, onda Almaniyanın Meksikadakı səfiri fon Ekharda tapşırılacaq ki, Meksika Prezidenti ilə görüşüb, onu Almaniya, Avstriya-Macarıstan və Türkiyənin “Üçlər ittifaqı” tərəfində ABŞ-a qarşı döyüş əməliyyatlarına başlamağa sövq etsin. Bunun müqabilində Almaniya əvvəllər Birləşmiş Ştatlar tərəfindən ilhaq olunmuş əraziləri – Texas, Nyu-Meksiko və Arizona ştatlarını müharibədən sonra Meksikaya qaytarılmağa söz verirdi.
Teleqramı Britaniyanın “40 nömrəli otaq” məxfi şöbəsi ələ keçirərək oxumuşdu. İngilislər teleqramı amerikalılara vermişlər. Sonralar teleqram ABŞ mətbuatında dərc edilmiş və amerikalıların çox böyük hiddətinə səbəb olmuşdu. Bir ay sonra ABŞ Konqresi Almaniyaya müharibə elan etmişdi.