BİŞKEKDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRMİŞDİR
Bişkek, 26 dekabr (AZƏRTAC). Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə böyük mərasim keçirmişdir.
Tədbirdə Qırğızıstan parlamenti sədrinin birinci müavini Çolpan Baekova, deputatlar, Qazaxıstanın Qırğızıstandakı səfiri Beybit İsabayev, respublika EA-nın bir qrup akademiki, paytaxtdakı Azərbaycan və türk diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Fondun sədri Nüsrət Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin müraciətini oxumuş, bu günün qeyd olunması ilə əlaqədar ulu öndər Heydər Əliyevin tarixi qərarının əhəmiyyəti haqqında danışmışdır. N.Məmmədov bütün dünyada yaşayan soydaşlarımızı bir yerə toplamaq, onların qayğı və problemləri ilə maraqlanmaq, Dünya Azərbaycanlılarının qurultaylarının Bakıda keçirilməsi ideyasının da ulu öndər Heydər Əliyevə məxsus olduğunu bildirmişdir.
Çolpan Baekova xalqlarımız arasında dostluq əlaqələrinin tarixindən danışmış, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Qırğızıstana səfərini xatırlatmış, bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işində bu günün böyük əhəmiyyəti olduğunu vurğulamışdır.
Fondun Ali Şurasının üzvü Qiyas Xəlilov türk dünyası arasında əlaqələrin dərinləşdirilməsi vacibliyinə toxunmuşdur.
Sonda akademiklər Axmatbek Aydaraliyev, Sovetbek Toxtamışev, Rozetta Aytmatova və başqaları çıxış edərək ölkələrimiz arasındakı əlaqələrdən və Həmrəylik Gününün əhəmiyyətindən danışmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek