“Biznesə daxilolma” işçi qrupunun iclası keçirilir
Bakı, 24 oktyabr, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə işçi qrupun üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak edirlər.
İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatının metodologiyası və qarşıda duran prioritetlər barədə məlumat verib. Bildirib ki, hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir.
Azərbaycanın 2025-ci ilin sentyabr ayında nəşr olunacaq hesabata daxil ediləcəyi gözlənilir. Vüsal Şıxəliyev bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə əsaslandığını diqqətə çatdırıb.