BMT: Kütləvi vaksinasiya beynəlxalq turizmi tezliklə bərpa etməyə imkan yaradacaq
Bakı, 5 iyul, AZƏRTAC
Ölkələrin 30 faizi hələ də turistlər üçün bağlıdır, bütün dünyada kütləvi vaksinasiya və rəqəmsal texnologiyaların daha geniş tətbiqi yaxın həftələr və aylar ərzində beynəlxalq səyahətlərin sayının artmasına gətirib çıxaracaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Ümumdünya Turizm Təşkilatının məruzəsində öz əksini tapıb.
“İyunun 1-dək bütün ölkələrin və istiqamətlərin 29 faizi hələ də beynəlxalq turizm üçün tamamilə bağlı olub. Bu ölkələrin əksəriyyəti Asiya-Sakit okean regionunda yerləşir. Dünyanın cəmi üç ölkəsi - Albaniya, Kosta-Rika və Dominikan Respublikası turistlər üçün məhdudiyyətləri tam aradan qaldırıb”, - deyə məruzədə bildirilir.
Həmçinin məruzədə deyilir ki, dünya ölkələrinin 34 faizi xarici səfərlər üçün qismən bağlıdır və onların 36 faizində turistlərdən koronavirus testi və bəzən karantin rejimi tələb olunur.
“Səyahətlərə sərt məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin əksəriyyəti ən aşağı vaksinasiya səviyyəsinə malikdir və biz vaksinasiya dərəcəsi ilə məhdudiyyətlərin zəifləməsi arasında əlaqə görürük. Bu səviyyənin daha yüksək olduğu və hökumətlərin razılaşdırılmış qaydalar üzərində işləyə biləcəyi istiqamətlər turizmin bərpası üçün daha uğurludur. Avropa İttifaqı ölkələri riskləri minimuma endirmək üçün rəqəmsal texnologiyaların istifadəsi istiqamətində əməkdaşlıq edə bilir”, - deyə Ümumdünya Turizm Təşkilatı vurğulayıb.
Təşkilatın məlumatına əsasən, hazırda Asiya-Sakit okean regionunda istiqamətlərin 70 faizi, Avropada isə yalnız 13 faizi bağlı qalıb. Şimali və Cənubi Amerika ölkələrində bu göstərici 20 faiz, Afrikada 19 faiz, Yaxın Şərqdə isə 31 faiz təşkil edir.
Bununla yanaşı, dünyanın ən populyar səyahət istiqamətləri sayılan və pandemiyadan öncəki dövrdə bütün turizm səfərlərinin 25 faizini təşkil edən 10 ölkədən dördündə hökumətlər əvvəlki kimi öz vətəndaşlarını vacib olmayan səfərlərdən, o cümlədən turizm səyahətlərindən çəkindirir.