BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ SÜLH GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun sentyabrın 21-də qeyd olunacaq Beynəlxalq Sülh günü münasibətilə müraciət etmişdir.
Müraciətdə deyilir ki, bu il qeyd olunan Beynəlxalq Sülh günü xüsusi məna kəsb edir.
Baş katib vurğulamışdır ki, sülhə nail olmaqda insan hüquqlarının rolu əvəzedilməzdir. Hələ də dünyada bir çox insanların hüquqları, xüsusilə silahlı münaqişələr zamanı və hərbi qarşıdurmalardan sonrakı dövrdə pozulmaqda davam edir. Məhz buna görə də biz çalışmalıyıq ki, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin, hər kəs tərəfindən, dünyanın hər yerində başa düşülsün və tətbiq edilsin. Bu, ən çox məhz insan hüquqlarının qorunmasına ehtiyacı olan ölkələr üçün zəruridir.
Pan Gi Mun qeyd etmişdir ki, eyni zamanda, biz inkişaf sahəsində mövcud olan ehtiyac ilə üzləşirik. Bu il biz daha firavan XXI əsr qurmaq üçün dünya liderləri tərəfindən ümumi razılaşma olan Minilliyin İnkişaf Məqsədlərinin yarı yoluna çatmışıq. Sülhə nail olmaq üçün bu məqsədlərə də nail olmaq vacibdir. Beynəlxalq Sülh günündə bizi birləşdirən bir sıra məsələlər var. Dünya xalqlarını səfərbər etmək məqsədi ilə BMT mesaj kampaniyasına start verir.
Müraciətin sonunda BMT-nin baş katibi dünya liderlərini və əhalisini münaqişə, yoxsulluq və aclığa qarşı, insan hüquqlarının təmin olunması istiqamətində qüvvələrini birləşdirməyə çağırır.