BMT-nin İnkişaf Proqramının səlahiyyətli nümayəndəsi Dövlət Komitəsində olub
Bakı, 5 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüşü baş tutub.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanın, eləcə də Dövlət Komitəsinin BMT-nin bütün qurumları ilə konstruktiv əməkdaşlığa söykənən münasibətlərinin olduğunu diqqətə çatdıran Bahar Muradova bu münasibətlərin inkişafında qarşılıqlı təmasların intensivləşəcəyinə inamını ifadə edib. O, bütün BMT qurumları, o cümlədən İnkişaf Proqramı ilə nəticəyönümlü əlaqələrin qurulduğunu və bu çərçivədə çoxsaylı layihələrin icra olunduğunu bildirib.
Qadınların səlahiyyətlərinin artırılmasına, onların imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrdən bəhs edən B.Muradova sahibkarlığa, məşğulluğa iqtisadi dəstək layihəsini xüsusi vurğulayıb. Layihə çərçivəsində ölkənin 15 rayonunda Resurs Mərkəzinin yaradıldığını, yüzlərlə qadının bu prosesə cəlb olunduğunu, sahibkara çevrildiyini söyləyib.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən mühüm layihələr haqqında məlumat verib. BMT rəsmisi gender əsaslı zorakılığın qarşısının alınması, qadınların iqtisadi fəaliyyətinə dəstəyin göstərilməsi, onların iqtisadi və maliyyə bacarıqlarının artırılması, eləcə də gələcəkdə öz bizneslərini qurmalarına dəstək məqsədilə bölgələrdə fəaliyyət göstərən Qadın Resurs mərkəzlərindən 8-nin qeyri-hökumət təşkilatı statusu aldığını da əlavə edib. Bildirilib ki, fəaliyyət göstərdiyi müddət ərzində 7460 qadın mərkəzlərin fəaliyyətindən faydalanıb.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət çəkən Nuno Queiros bildirib ki, BMT-nin İnkişaf Proqramı bu işdə hökumətin ən yaxın tərəfdaşlarından biridir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və gələcəkdə mümkün əməkdaşlıq layihələrindən bəhs edilib.