BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 65-ci sessiyası keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 65-ci sessiyasında iştirak edib.
Dövlət komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlayn keçirilən iclasın əsas mövzusunu “Qadınların ictimai həyatda tam və səmərəli iştirakı, həmçinin qərar qəbul etmələri, o cümlədən, qadın və qızların səlahiyyətləndirilməsi üçün zorakılığın aradan qaldırılması” məsələləri təşkil edib.
Sessiya çərçivəsində Sədaqət Qəhrəmanova martın 15-19-da 4 dəyirmi masa və yüksək səviyyəli rəsmilərin iştirakı üçün təşkil olunan interaktiv dialoqda iştirak edib.
S.Qəhrəmanova “Qadınlara qarşı zorakılığın aradan qaldırılması” və “Qadınların COVID-19 pandemiyası ilə mübarizədə və post pandemiya müddətində qadınların iştirakı” mövzularında çıxış edib. O, çıxışında 44 gün davam edən Vətən müharibəsi zamanı işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək, 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarını kobud surətdə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutaraq, müxtəlif cinayətlər törətdiyi barədə tədbir iştirakçılarına məlumat verib.
Dövlət komitəsinin sədr müavini koronavirusla mübarizə kampaniyası çərçivəsində 600 min işsiz, aztəminatlı və qeyri-rəsmi işləyən şəxsə (45 faizini qadınlar təşkil edir) dövlət tərəfindən maddi yardım göstərildiyini qeyd edib. S.Qəhrəmanova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ötən dövr ərzində ailələrə ərzaq yardımı edilib, psixoloji yardım göstərilib, tibbi maskalar paylanıb. Vurğulanıb ki, qeyd olunan fəaliyyətlərin həyata keçirilməsində Qadın Resurs Mərkəzləri və Uşaq və Ailəyə Dəstək Mərkəzləri yaxından iştirak edib. Həmçinin Mərkəzlər tərəfindən əhali arasında “Onlayn psixoloq məsləhətləşməsi”, “Özünü COVID-19-dan qorumaq”, “Ailələrə zəng etmək”, “Ailə könüllüləri” və s. mövzular üzrə məlumatlandırıcı onlayn təlimlər keçirilib.
Sonra sessiyada iştirak edən hər bir ölkə ilə təcrübə mübadiləsi aparılıb.
Tədbir müzakirələrlə davam edib.