İQTİSADİYYAT
BMT-nin tədbirində Vətən müharibəsinin uğurlarından danışılıb VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Orta Asiya iqtisadiyyatı üçün xüsusi proqramının (SPECA) təşkil etdiyi “2020 SPECA İqtisadi Forumu”nun açılış sessiyasında çıxış edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “COVID-19 dönəmində sosial-iqtisadi bərpa üçün regional əməkdaşlıq” mövzusunda keçirilən konfransda İİTKM-in icraçı direktoru əvvəlcə Azərbaycanın Vətən müharibəsi haqqında konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycan ordusunun Ermənistan üzərində müzəffər qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. V.Qasımlı əlavə edib ki, Azərbaycan torpaqları tamamilə azad edildikdən sonra ölkə iqtisadiyyatında yeni bir dönəm - postkonflikt quruculuğu dönəmi başlayır.
O bildirib ki, COVID-19 pandemiyası dövründə Azərbaycanın iqtisadi siyasəti həssas sahələri əhatə etməklə şokların təsirini minimuma endirmək və postpandemiya dövrünə hazırlıq məqsədi daşıyıb. Bu məqsədlə Azərbaycan hökuməti pandemiyadan zərərçəkmiş kiçik və orta sahibkarlara, həmçinin sosial cəhətdən həssas qruplara maliyyə yardımları ayırıb.
İcraçı direktorun sözlərinə görə, Azərbaycan həm də beynəlxalq səviyyədə COVID-19 ilə mübarizədə öz töhfəsini verib: “Qoşulmama Hərəkatının lideri kimi Azərbaycanın təşəbbüsü ilə müzakirələr təşkil olunub, 30-dan çox ölkəyə və Dünya Səhiyyə Təşkilatına yardımlar edilib”.
Ondan çox ölkənin nümayəndəsinin iştirak etdiyi konfrans zamanı V.Qasımlı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən bir sıra innovativ layihələr barədə də məlumatlar təqdim edib. O deyib ki, sərhədlərarası ticarətin asanlaşdırılması və sənədsiz ticarət dövriyyəsi üçün Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (DTH) unikal layihədir. Belə ki, elektron və mobil rezidentlik sahibkarlara dünyanın istənilən bir yerindən Azərbaycanda onlayn olaraq iş qurmağa və idarə etməyə imkan verir. Rəqəmsal Ticarət Qovşağı, həmçinin dövlət - özəl əməkdaşlıq platforması olaraq davamlı qarşılıqlı inteqrasiya və texnoloji transformasiya üçün böyük rola malikdir.
V.Qasımlı Azərbaycanın daha bir innovativ layihəsi olan “Azexport.az” portalı barədə də danışıb. Bildirib ki, bu portal vasitəsilə Azərbaycan yerli məhsullarını dünya bazarlarına çıxarmaq imkanı əldə edir.