CƏMİYYƏT
BMT nümayəndəsi COP29-la bağlı gözləntilərini açıqlayıb
Bakı, 13 noyabr, AZƏRTAC
“Bizim COP29 ilə bağlı bir neçə gözləntimiz var. İlk növbədə, maliyyə məsələləri önə çıxır. İnanıram ki, inkişaf etmiş ölkələr COP29-dan sonra iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşdirmə mövzusuna daha ciddi yanaşacaqlar”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi Şıpra Suri bildirib.
“Bundan sonra hökumətlərə və şəhərlərə təsirin azaldılması və uyğunlaşma prosesləri üçün daha çox vəsait yönəltməyin yollarını müzakirə edəcəyik,” - deyə o vurğulayıb.
Şıpra Suri həmçinin qeyd edib ki, ölkələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzərində işləməlidirlər. O, su ehtiyatlarının azalması kontekstində iqlim dəyişikliyinin təsirini azaltmaq üçün daha güclü tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.
“Mən BMT-nin bir təşkilatını təmsil edirəm və bizim üçün su davamlılığı çox əhəmiyyətlidir”, - deyə o əlavə edib. “Bilirsiniz, dünyada su problemi olan mühitlərdə yaşayan milyardlarla insan var. Su qıtlığı, quraqlıq kimi çətinliklər mövcuddur, eyni zamanda, sellər və dəniz səviyyəsinin artması da ciddi problemlər arasındadır”.
Şıpra Suri Azərbaycana yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlığını bildirib.