BMT: Ötən ay Əfqanıstanda dinc əhali arasında rekord sayda itkilər olub
Bakı, 3 avqust, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanda bütün münaqişə tərəflərini dinc əhalinin təhlükəsizliyi üzrə beynəlxalq normalara uyğun öhdəliklərə əməl etməyə çağırıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, beynəlxalq ekspertlər ötən ay Əfqanıstanda dinc əhali arasında rekord sayda itkilər olduğunu bildiriblər. BMT-nin yekun hesabatına görə, iyul ayında bu ölkənin ərazisində gedən döyüşlərdə və törədilən terror aktları nəticəsində 1500-dən çox dinc sakin öldürülüb və yaralanıb. Bu, 2017-ci ilin mayından sonra qeydə alınan ən böyük rəqəmdir.
BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto bildirib ki, sülh danışıqlarının davam etdiyi bir şəraitdə münaqişə tərəfləri arasında gərginlik də artıb. O əlavə edib ki, bu cür vəziyyət mülki əhali arasında daha çox itkilərə səbəb olur. Xüsusi nümayəndənin sözlərinə görə, iyulun 1-də “Taliban” silahlılarının Əfqanıstan ordusunun logistika mərkəzinə hücumu nəticəsində 7 dinc sakinin ölməsi ilə başlayan itkilər, paytaxt Kabil, Qəndəhar, Qəzni və digər əyalətlərdə də bütün ay ərzində davam edib. Silahlı münaqişə qurbanlarının 80 nəfəri isə uşaqlardır.