BMU tələbələri “II Zəfər İdman Festivalı”nda qalib olublar
Xırdalan, 1 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “II Zəfər İdman Festivalı”nda uğurlu nəticələr əldə ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, onlar festivalda voleybol üzrə 3-cü, stolüstü tennis, şahmat və futzal üzrə 1-ci yerlərə layiq görülüblər.
Gənclərin idman vasitəsilə sağlam rəqabət aparmaları və torpaqlarımızın azadlığı uğrunda mübarizədə qazandığımız möhtəşəm Zəfər ruhunu birgə yaşamaları məqsədilə keçirilən festivala 8 universitetdən 600-dən çox tələbə qatılıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunan festival zamanı tələbələr futzal, voleybol, basketbol, stolüstü tennis, güləş və şahmat idman növlərində öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalın sonunda qalib komandalar və fərdi iştirakçılar diplom və mükafatlarla təltif olunublar.