BOKS ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARININ KEÇİRİLMƏSİNƏ MOSKVANIN, YAXUD SANKT-PETERBURQUN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLƏCƏK
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 2008-ci ilin dekabrına nəzərdə tutulmuş boks üzrə Dünya Kuboku yarışlarının keçirilməsinə Moskvanın, yaxud Sankt-Peterburqun namizədliyi irəli sürüləcəkdir. Bunu Rusiya Boks Federasiyasının icraçı direktoru Vladimir Surkov bildirmişdir.
O demişdir: “Biz Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) iqamətgahına hələ ötən ilin dekabrında məktub göndərmişik. Bizimlə yanaşı, Koreya Respublikası da belə bir arzuda olduğunu bildirmişdir. Hazırda təqdimatın hazılanmasına başlamışıq. Namizədlər təkliflərini AIBA İcraiyyə Komitəsinin fevralın 17-18-də Koreya Respublikasının Pusan şəhərində keçiriləcək iclasında təqdim etməlidirlər. Fevralın 8-9-da isə Moskvada Avropa Həvəskar Boks Assosiasiyası (EABA) İcraiyyə Komitəsinin iclası olacaqdır. İclasda Rusiyanın sifarişi müzakirə olunacaqdır. Hələlik biz iki şəhəri - Moskva və Sankt-Peterburqu namizəd kimi nəzərdə tutmuşuq”.
Bu il boks üzrə Dünya Kuboku yarışları yeni sistem üzrə keçiriləcəkdir. Əgər əvvəllər yarışlarda yığma komandalar iştirak edib, qalibi matç görüşlərində müəyyənləşdirirdilərsə, bundan sonra hər çəki dərəcəsində 8 ən güclü boksçu yarışacaqdır.