“BOŞ MƏKANIN DOLĞUNLUĞU” TEATR FESTİVALI KEÇİRİLƏCƏKDİR
Festivaldan başlıca məqsəd ölkəmizin teatr məkanında baş verən prosesləri fəallaşdırmaq, gənc qüvvələri yaradıcılıq axtarışlarına həvəsləndirmək, dünya teatrına inteqrasiya meyillərini gücləndirməkdir.
Festivalın şərtlərinə görə, tamaşalarda dekorasiyalardan istifadə edilməyəcək. Aktyor boş səhnəni öz oyunu və bədii ifadə vasitələri ilə doldurmalıdır. Tədbirin digər şərti də ondan ibarətdir ki, tamaşada iştirak edən aktyorların sayı 5 nəfərdən artıq olmamalıdır. Festivalda iştirakla bağlı məhdudiyyət yoxdur. Tədbirə bütün teatrlar qatıla bilər.
Festivalda “Ən yaxşı rejissor işi”, “Ən yaxşı dram əsəri”, “Kişi rolunun ən yaxşı ifaçısı”, “Qadın rolunun ən yaxşı ifaçısı” nominasiyalarında qaliblər üçün mükafatlar da nəzərdə tutulmuşdur. Bundan əlavə, ən yaxşı tamaşaların beynəlxalq festivallarda iştirakına kömək göstəriləcəkdir.