“BÖYÜK NAZAR” KİTABI TƏQDİM OLUNMUŞDUR
Birliyin katibi Arif Əmrahoğlu əsərin məziyyətlərindən danışaraq, Azərbaycan ədəbiyyatında qaçaqçılıq mövzusunun bir sıra nümunələrinin mövcudluğunu diqqətə çatdırmışdır. O vurğulamışdır ki, qaçaqçılıq hərəkatı xalqın azadlıq arzusundan, zülmə qarşı mübarizəsindən doğmuşdur. Əlisahib Əroğlunun “Böyük Nazar” romanında da hürriyyət və istiqlal mücahidi Nazar Cəfərqulu oğlunun 1918-1930-cu illərdə daşnaq-bolşevik qaraguruhuna qarşı əqidə, din və məslək uğrundakı mübarizəsindən bəhs olunur.
Filologiya elmləri doktoru İsmayıl Kazımov romanın sənətkarlıq xüsusiyyətlərindən söz açaraq bildirmişdir ki, qorxmazlığı, çevikliyi, qayğıkeşliyi ilə xalq arasında Böyük Nazar adı qazanmış Nazar Cəfərqulu oğlunun obrazı oxucuya dolğun və hərtərəfli təqdim olunur, xalqın ona məhəbbəti real hadisələrin fonunda göstərilir. Elə buna görədir ki, Sovet dövründə “düşmən” elan edilməsinə baxmayaraq, xalq onun adını, gizlində də olsa, ehtiramla çəkmiş, şəninə nəğmələr qoşmuşdur.
Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev, filoloq Nəcəf Allahverdiyev, şair Fikrət Sadıq və başqaları təkcə təqdimatı keçirilən əsər barədə deyil, ümumilikdə, müəllifin yaradıcılığından bəhs etmiş, romandakı surətlərin əksəriyyətinin Cəbrayıl rayonunda prototiplərinin olduğunu vurğulamışlar.
“Dirili Qurbani” məclisinin üzvlərinin ifasında qoşmalar və saz havaları, aşıq mahnıları səslənmişdir.
Axırda Əlisahib Əroğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.