Böyük Qayıdış çərçivəsində sakinlərə rəqəmsal texnologiyalar öyrədilir
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlər üçün təşkil olunan “Rəqəmsal savadlılıq” təlimləri davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti təlimlər Xankəndi şəhərində və Cəbrayıl rayonunun Horovlu kəndində keçirilib. Layihənin məqsədi həmin ərazilərdə məskunlaşan vətəndaşların rəqəmsal bilik və bacarıqlarının artırılması, müasir texnologiyalardan səmərəli istifadə imkanlarının genişləndirilməsidir.
Təlim proqramı informasiya-kommunikasiya texnologiyaları üzrə əsas bacarıqların formalaşdırılması, “Google” alətləri ilə iş, rəqəmsal transformasiya prosesləri, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik qaydaları, elektron hökumət xidmətlərindən istifadə, eləcə də Azərbaycan Təhsil Şəbəkəsinin veb-layihələri və digər innovativ istiqamətləri əhatə edir. Praktiki məşğələlər əsasında təşkil olunan sessiyalar iştirakçılara əldə etdikləri bilik və bacarıqları real tətbiq mühitində sınaqdan keçirmək imkanı yaradır.
Qeyd edək ki, “Rəqəmsal savadlılıq” təlimlərinin işğaldan azad olunmuş bütün ərazilərdə mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.