CƏMİYYƏT
Braziliyalı nümayəndə: İnkişaf etmiş ölkələr enerji keçidinin maliyyələşdirilməsinə öz töhfələrini verməlidir
Bakı, 13 noyabr, AZƏRTAC
Mənim fəaliyyətim ətraf mühit, enerji keçidi, eləcə də iqlim dəyişiklikləri sahələrini əhatə edir. COP29-dan gözləntilərim yüksəkdir. İstərdim ki, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması istiqamətində danışıqlar intensivləşdirilsin, eləcə də İtki və Zərərə Cavab Fondu üzrə danışıqlar aparılsın.
Bunu AZƏRTAC-a müsahibəsində Braziliyanın Nəqliyyat Nazirliyinin dayanıqlılıq üzrə katibinin müavini Kloves Benevides deyib. Braziliyalı qonaq bildirib ki, inkişaf etmiş ölkələr enerji keçidinin maliyyələşdirilməsinə öz töhfələrini verməlidir. Eyni zamanda, iqlim dəyişiklikləri və enerji keçidi ilə bağlı danışıqlarda ədalətli maliyyə bölgüsünə fikir verilməlidir.
K.Benevides Braziliyanın gələn il ev sahibliyi edəcəyi COP30 konfransından da danışıb. O bildirib ki, COP30 ölkənin Para ştatının Belem şəhərində keçiriləcək: “Belemin əsas gözəlliyi bundan ibarətdir ki, şəhər möhtəşəm Amazon yağış meşələrində yerləşir. Qeyd edim ki, Braziliya COP30-a ev sahibliyi etmək üçün tam hazırdır. Təbii ki, bu sahədə Azərbaycanla əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Əlavə etmək istərdim ki, Bakı şəhəri çox xoşuma gəldi, mən artıq bir çox görməli yerləri ziyarət etdim və mətbəxinizi də çox bəyəndim”.