B.SƏFƏROĞLU ADINA MOSKVA MUSİQİLİ MİNİATÜR SATİRİK TEATRININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
İttifaqdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mətbuat konfransında sənətşünaslıq doktoru, professor İlham Rəhimli və Afaq Bəşirqızı çıxış edərək, Musiqili Miniatür Teatrın Moskvada göstərdiyi ilk tamaşanın böyük uğur qazanmasından söz açmış, həmçinin, azərbaycanlı aktyorların ifasını rusiyalı tamaşaçıların çox yüksək qiymətləndirdiklərindən danışmışlar.
Rusiyanın yüksək səviyyədə dövlət məmurlarının, dünya şöhrətli teatr xadimlərinin iştirak etdiyi bu mərasimdə moskvalı teatrsevərlərə Azərbaycanın əməkdar mədəniyyət işçisi Vladimir Neverovun “Qafqazlıların Rusiyada sərgüzəştləri” adlı yeddi estrada miniatüründən ibarət ikihissəli tamaşası göstərilmişdir. Moskva Satira Teatrının səhnəsində, həm də ilk dəfə rus dilində rol oynamış Afaq Bəşirqızı bu miniatürlərdə Vaqon bələdçisi, Falçı, Satıcı, Kafe sahibəsi, biznesmen kimi müxtəlif səpkili, yaddaqalan obrazlar yaratmışdır.
Ölkəmizdə yaşayan müxtəlif millətlərə azərbaycanlıların həmişə böyük məhəbbətlə yanaşmasından bəhs edən tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, musiqi tərtibatçısı Vladimir Neverov, baletmeysterləri Fuad Osmanov və Eldar Bağırbəyovdur.
Görkəmli aktrisanın bu tamaşada tərəf-müqabilləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları - Səfa Mirzəhəsənov, Natalya Aşumova, Ruqiyyə Quliyeva, Salman Bayramov və Emil Tahirov olmuşlar.
Axırda xalq artisti Afaq Bəşirqızı qazanılmış uğurlara görə Moskva Satira Teatrının direktoru, həmyerlimiz Məmməd Ağayevə, tamaşanın sponsorları Rafael və Turan Mirzəyevlərə minnətdarlığını bildirmiş, jurnalistləri maraqlandıran suallara cavab vermişdir.