BSU-nun əməkdaşları “Microsoft Educator” sertifikatları əldə ediblər
Bakı, 18 mart, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları “Microsoft Educator Center” portalı üzərindən treninq və kursların bir qismini müvəffəqiyyətlə başa vurublar.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, BSU-nun Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin üç əməkdaşı: Nurlan Məmmədov, Aynur Əhmədova, Səbinə Musayeva, Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva və Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Məlakə Elyasova “Microsoft Teams” distant kurslarının test mərhələsini uğurla başa vuraraq “Microsoft Educator” sertifikatlarına layiq görülüblər.
Qeyd edək ki, distant təhsil texnologiyaları vasitəsilə tədris prosesini uğurla təşkil edən BSU sənəd qəbulu, apelyasiya, alt və fərdi qruplara ərizə qəbulunu tam elektronlaşdırmaqla təhsilalanlara çevik və keyfiyyətli nəticələr təqdim edib.
Payız semestrinin imtahan sessiyasını onlayn formada həyata keçirərək prosesi uğurla yekunlaşdıran BSU-nun tələbə və magistrantları arasında aparılan anonim anket sorğusunun nəticələri göstərib ki, pedaqoji prosesin bir çox sahələrini əhatə edən distant təhsil texnologiyalarından istifadə kifayət qədər səmərəlidir.