BTC NEFT VƏ BTƏ QAZ KƏMƏRLƏRİNİN İNŞASI CƏDVƏL ÜZRƏ DAVAM ETDİRİLİR
bp-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord AZƏRTAC-ın müxbirinə demişdir ki, kəmərin əsaslı xərcləri 2 milyard 950 milyon dollardır. Bu məbləğin üçdə iki hissəsi Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də digər ixrac-kredit agentliklərinin dəstəyi ilə 15 kommersiya bankından borc kimi götürüləcək, qalan hissə bp və onun tərəfdaşları tərəfindən ödəniləcəkdir. Cari ilin fevralında maliyyə məsələləri yekunlaşmış, mart ayında həmin borcun 1 milyard 650 milyon dolları ilk tranş kimi alınmışdır. Kəmərin tikintisi 2005-ci ilin əvvəlində tamamlanacaq və təxminən 5 aydan sonra ilk neft Ceyhan limanına çatdırılacaqdır.
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz ixrac qaz kəmərinin tikintisinin də başlandığını bildirən D. Vudvord demişdir ki, Səngəçal terminalından Ərzuruma qədər uzanacaq 42 düyümlük bu kəmərin inşası 2006-cı ildə başa çatdırılacaq. Həmin ilin axırlarında 8,5 milyard kubmetr həcmində ilkin qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çıxarılacaqdır.
Hazırda hər iki kəmərin inşası cədvəl üzrə davam etdirilir.