Bu gün “Champions Chess Tour” turnirinin finalçıları müəyyənləşəcəklər
Bakı, 19 mart, AZƏRTAC
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin finalçıları martın 19-da müəyyənləşəcəklər.
AZƏRTAC xəbər verir ki, yarımfinalın dörd partiyadan ibarət cavab matçlarında norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi, amerikalı şahmatçı Uesli So niderlandlı Aniş Giri ilə mübarizə aparacaqlar. Qeyd edək ki, martın 18-də keçirilmiş birinci matçda rusiyalı şahmatçı dünya çempionu üzərində 2,5:1,5 hesablı qələbə qazanıb. Yarımfinalın digər matçında ABŞ təmsilçisi Uesli So niderlandlı Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edib. Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.