BU GÜN ERMƏNİSTAN DİPLOMATİK CƏHƏTDƏN UDUZMUŞ ÖLKƏDİR
Bu gün Ermənistanı diplomatik baxımdan uduzmuş ölkə hesab edən İlham Əliyev bildirmişdir ki, onların özlərinə yaxın müttəfiq saydığı ölkələr bu gün Azərbaycanın da yaxın müttəfiqidir. Bu ölkələr üçün mühümlüyü baxımından, Azərbaycan Ermənistandan daha mühümdür. Ermənistan bir ölkə kimi heç bir maraq kəsb edə bilməz, çünki o, bir tərəfdən coğrafi dalandır, digər tərəfdən isə, biz boru kəmərimizi kənardan çəkməklə onu energetika baxımından dalana çevirmişik. Biz Qars-Tbilisi-Bakı dəmir yolunu çəkməklə onu nəqliyyat baxımından da dalana çevirəcəyik.
Azərbaycan Avropaya və dünya bazarlarına enerji ehtiyatları göndərəcək bir ölkədir. Bu, Şərq-Qərb dəhlizinin keçdiyi ölkədir. Tərəzinin bir gözündə Azərbaycanı, o biri gözündə isə Ermənistanı təsəvvür edin. Müqayisəolunmaz çəkilərdir.