BU İL GÖYÇAYDA MEYVƏ İSTEHSALI İKİ MİN TON ARTMIŞDIR
Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda rayonda meyvə bağlarının sahəsi 2 min 200 hektara çatmışdır ki, bu da ötən ildəkindən 60 hektar çoxdur. Rayon sakinləri ailə büdcəsinə xeyli gəlir gətirən bağçılıqla, əsasən, fərdi təsərrüfatlarda məşğul olurlar. Təkcə bu il rayon üzrə 39 min ton meyvə istehsal edilmiş, məhsul tədarükü keçən illə müqayisədə 2 min ton artmışdır.
Sakinlər, əsasən, narçılıqla məşğul olduqları üçün yığılan məhsulun 22 min tonu nardır. Rayonda xurma, heyva, ərik, şaftalı və digər meyvələr də yetişdirilir.
Hazırda bağlarda payız-qış becərmə işləri aparılır, ağaclar budanır, dibləri bellənir, habelə qurumuş, az məhsuldar ağaclar çıxarılaraq yeniləri ilə əvəz olunurlar.