Bu mövsüm Sabirabadda on məcburi köçkün ailəsi ipəkqurdu bəsləyib
Sabirabad, 17 iyun, Mahir Babayev, AZƏRTAC
Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə üçüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlətimizin başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzaladığı sərəncamlar uzun illər bu sahədə zəngin təcrübəsi olan zəngilanlı ipəkçilərin də ürəyincə olub.
Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq Zəngilanda əsas təsərrüfat sahələrindən biri olub. Rayonda erməni hərbi birləşmələri tərəfindən işğal olunana qədər hər il 18-20 ton barama istehsal olunurdu. Rayonda ipəkqurdu becərilməsində yaxşı təcrübəsi olan kümçü çoxdur. Onlar bu gün də ipəkqurdu bəsləmək arzusundadırlar. Baramaçıların istəyini nəzərə alaraq 5 il bundan əvvəl qəsəbəyə yaxın ərazidə 5 hektar sahədə 15 min tut tingi əkilib. Ötən il doqquz ailə ipəkqurdu toxumu bəsləyərək 1 ton 22 kiloqram barama tədarük edib. Bu mövsüm isə qəsəbədə yaşayan 10 ailə ipəkqurdu bəsləyib. Bir neçə gündür ki, zəngilanlı baramaçılar bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar və bu günə kimi 796 kiloqram barama təhvil veriblər.
Zəngilanlı məcburi köçkün Sadiq Həsənov uzun illər barama istehsalı ilə məşğul olub. Bu sahədə yaxşı təcrübəsi var. “Zəngilanda yaşadığımız illərdə ailə üzvlərimlə birlikdə hər il 650-700 kiloqram barama istehsal edirdik. Son illər yenidən bu sahə ilə məşğul olmağa başlamışam. Ötən il dörd qutu (76 qram) ipəkqurdu toxumundan 127 kiloqram barama istehsal etdim. Bu mövsüm isə 3,5 qutu ipəkqurdu toxumu götürərək bəsləmişəm və indiyədək 158 kiloqram barama tədarük etmişəm. Hesablamama görə, bundan sonra daha 5-6 kiloqram barama təhvil verə biləcəyəm”, - deyə kümçü bildirib.