Büdcə təşkilatlarında çalışan mühasibat işçiləri təlimə cəlb edilib
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları” adlı təlim təşkil olunub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilən təlimə Naxçıvan Muxtar Respublikasında büdcə təşkilatlarında maliyyə mühasibat sahəsində çalışan 12 mühasibat işçisi cəlb edilib.
Təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək təlimin aktuallığı və mahiyyəti haqqında məlumat verib. Bir gün ərzində keçirilən təlim Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun təqdimatında olub. Təlim zamanı iştirakçılara torpaq, tikili və avadanlıqların, debitor borclarının, digər maliyyə aktivliyinin, aktivlərin, ehtiyatların, pul vəsaitləri və onların ekvivalentlərinin, faiz xərcləri yaradan öhdəliklərin inventarizasiyası və digər mövzularda slaydlar vasitəsilə geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.