Buludxan Xəlilov: Bu gün də, sabah da xalq dövlətinin yanında olacaq
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan demokratik və hüquqi dövlətdir. Dövlətimiz daxili və xarici siyasətini uğurla həyata keçirir. Ölkəmizdəki sabitlik və uğurlu inkişaf suyu bulandırmaq istəyində olan qüvvələri narahat edir. Onlar ölkəmizdə vəziyyəti mürəkkəbləşdirmək üçün dövlətimizin əleyhinə çağırışlar edirlər. Vətənini sevən hər bir azərbaycanlı məkrli qüvvələrin planlarına qarşı öz vətəndaşlıq mövqeyini bildirməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov iyulun 10-da Gəncədə törədilən iğtişaşa münasibət bildirərkən söyləyib.
Professor B.Xəlilov bildirib ki, hər bir azərbaycanlı bu məsələdə həssas olmalı, dövlətçilik maraqlarının qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı xalq həmişə monolit birlik göstərib. İndi də, bu gün də, sabah da xalq dövlətinin yanında olacaq, xalq-iqtidar birliyi anti-Azərbaycan qüvvələrin iç üzünü açacaq və onları ifşa edəcəkdir. Azərbaycan xalqı həmişəki kimi, ayıq-sayıq olmalı, xalq-dövlət vəhdətini nümayiş etdirməklə bədxah qüvvələrin qarşısını almalıdır. Sabitliyi pozmaq istəyən qüvvələr ölkədə narazılıq yaratmağa cəhd edirlər. Bu cəhdlər indiyə qədər dəfələrlə olsa da, onlar istəklərinə nail ola bilməyiblər. Hər dəfə xalqla iqtidar, xalqla dövlət arasındakı birlik onların arzu-istəklərinin qarşısını alıb, cəfəng niyyətlərinin həyata keçməsinə imkan verməyib. Bir sözlə, qanun hər şeydən alidir. Sabitliyin pozulmasına çağırışlar qanunla qadağandır. Bunu edən şəxslər, qüvvələr qanun qarşısında cavab verəcəklər.
Professor deyib: “Azərbaycanda xalq-iqtidar birliyini heç bir qüvvə nə poza, nə də sarsıda bilər. Azərbaycan həmişə radikalizmin, terrorun əleyhinə olub. Bu, dövlətimizin ideologiyasının tərkib hissəsidir. Azərbaycan modern bir dövlət olmaqla azadlığın, inkişafın, hüquqların qorunmasının tərəfdarıdır. Azərbaycan dövlətinin və Azərbaycan xalqının həmrəyliyi çirkin niyyətlərin və əməllərin həyata keçməsinə həmişə sipər olacaq”.