Bundesver heyətinin Əfqanıstandan çıxarılması siyasətçilər arasında fikir ayrılığına səbəb olub
Berlin, 5 iyul, AZƏRTAC
Bundesverin Əfqanıstanda missiyası bu günlərdə başa çatıb. Alman ekspertlər bu hadisəni son dərəcə fərqli qiymətləndirirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya KİV-lərinin səhifələrində və Bundestaqda ciddi polemika başlanıb. Almanlar bir tərəfdən hesab edirlər ki, bu missiya zəruri idi və məhz alman hərbçilərinin peşəkarlığı sayəsində Əfqanıstan artıq beynəlxalq terrorçuların bazası deyil. Lakin digər tərəfdən Əfqanıstanda dünyəvi, demokratik dövlət yaradılması hələ də çox ləng gedir və beynəlxalq birliyin bu məsələyə diqqəti tələb olunur.
Məsələn, “Yaşıllar” hesab edirlər ki, uzun müddət ölkənin zor gücünə demokratikləşdirilməsinə ümid bəslənib, buna görə Əfqanıstanın əsas problemləri hələ də həll edilməyib.
Bundestaqda “Yaşıllar” fraksiyasının üzvlərinin fikrincə, NATO-da “Taliban” hərəkatını lazımınca qiymətləndirməyiblər. Son vaxtlar taliblərin təsiri artır və bu hərəkat güclü dəstək alır. Əfqanıstanda hüquqi dövlət yaradılması prosesi isə onilliklər boyu uzana bilər. Bəzi deputatlar hesab edirlər ki, hərbi müdaxilənin nəticələrinə görə sülhməramlıların məsuliyyət daşımaq üçün səbri tükənəcək.
Digər tərəfdən, Bundestaqdakı “Solçular” (“Linke”) fraksiyası NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatı uğursuz hesab edir və ümumiyyətlə Almaniyanın bu blokdan çıxmasına tərəfdar olduğunu bildirir. “Linke” fraksiyasının üzvü Sevim Daqdelen deyib: “Bu, bağışlanılmaz faktdır ki, NATO-nun törətdiyi müharibə Əfqanıstanın minlərlə dinc sakininin həyatına son qoyub. Bundesverin Əfqanıstanda öldürülmüş 59 əsgəri mənasız hərbi avantüra naminə həlak olub”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin