İQTİSADİYYAT
“Buta Airways” aviaşirkəti Tacikistanın paytaxtına ilk uçuşunu həyata keçirib




Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da “AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Düşənbə Beynəlxalq Hava Limanında təntənəli qarşılanma mərasimi təşkil edilib. Burada keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, “Buta Airways”in Bakı-Düşənbə-Bakı aviareysi Azərbaycan və Tacikistan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq.
Mərasimdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov aviareysin açılışının hər iki ölkə arasında iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əməkdaşlığa, xalqlarımızın daha da yaxınlaşmasına böyük töhfə verəcəyini bildirib.
Tacikistanın Turizmin İnkişafı Komitəsi sədrinin birinci müavini Həbibulla Əmirbəyzadə diqqətə çatdırıb ki, Azərbaycan və Tacikistan arasında birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq.
Qeyd edilib ki, Bakı-Düşənbə-Bakı reysi iki ölkə arasında münasibətlərin inkişafına yönələn birgə səylərin nəticəsidir. Bu, birbaşa aviareys ölkələr arasında işgüzar əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək.
Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşacaq.