QAN YADDAŞI
Buxarestdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyətinin, ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, türk-tatar icmalarının nümayəndələri KİV təmsilçiləri iştirak etmişlər.
Tədbirdə XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi, həmin dövrdən başlayaraq ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni ekspansionizminin geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır.
Həmçinin mərasimdə Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilərin 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd etdikləri bildirilmişdir. Bakı Sovetinin əks-inqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başladığı diqqətə çatdırılmışdır.
Daha sonra 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlərin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu, təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlının məhv edildiyi, ermənilər tərəfindən evlərin yandırıldığı, insanların diri-diri oda atıldığı, milli memarlıq abidələrinin, məktəblərin, xəstəxanaların, məscidlərin və digər tikililərin dağıdıldığı, azərbaycanlıların soyqırımının Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirildiyi vurğulanmışdır.
Tədbirdə qeyd olunmuşdur ki, 1992-ci il fevralın 26-da Xocalıda günahsız dinc Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı hadisəsi müasir dövrdə erməni millətçi ideologiyasının qanlı təzahürlərindəndir.
Tədbirdə, həmçinin Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının sədri İqbal Hacıyev Avropa Azərbaycanlıları Konqresinin 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatını iştirakçıların diqqətinə çatdırmışdır.