Buzovna qəsəbəsində iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Paytaxtın Xəzər rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması və yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Rayonun Buzovna qəsəbəsində aparılan iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. İməcilik işlərinə rayon icra hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin texnika və işçi qüvvələri cəlb olunublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, qəsəbənin mərkəzi küçələrindən olan Heydər Eyvazov, Dənizkənarı və Mustafa Subhi küçələrində təmizlik işləri aparılıb, yolboyu sakinlərə məxsus fərdi yaşayış evlərinin divarları, hasarları, darvazaları rənglənib, işıq dirəklərində olan nasazlıqlar aradan qaldırılıb, elektrik lampaları yeniləri ilə əvəz edilib.
Həmin küçələrdə alaq otları vurulub, bərk məişət tullantıları daşınıb, yollar xüsusi maşınların köməyi ilə təmizlənib, piyada səkiləri asfaltlanıb, yeni bordürlər düzülüb və ətrafda yeni yaşıllıqlar zonaları salınıb.