“Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” - yeni nəşr
Bakı,10 sentyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” adlı monoqrafiyası işıq üzü görüb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cabir Novruzun poeziyası milli yaddaş və mənəvi dəyərlər prizmasından araşdırılıb.
Şairin lirikasında vətənpərvərlik, insan və təbiət sevgisi, fəlsəfi düşüncə, ana obrazının müqəddəsliyi kimi əsas motivlər sistemli şəkildə təhlil edilib.
Müəllif tədqiqatında Cabir Novruzun vətəndaş mövqeyi ilə yanaşı, tarixi yaddaşın bədii təcəssümünü, deportasiya ağrıları və milli bütövlük ideyalarını epik yaradıcılıq müstəvisində geniş şəkildə təqdim edir. Nəşr “Giriş”, “Poeziyada vətəndaşlıq və azərbaycançılıq məfkurəsi”, “Mənəvi-fəlsəfi dünya”, “Epik yaradıcılıq və milli bütövlük” adlı fəsillərdən və “Nəticə” hissəsindən ibarətdir. Monoqrafiyada Cabir Novruz poeziyasında azərbaycançılıq ideyaları, şair-vətəndaş mövqeyinin bədii təzahürü, şeirlərində fəlsəfi motivlər, məhəbbət lirikasının bədii-fəlsəfi mahiyyəti, təbiət amili, milli yaddaş və mənəvi dəyərlərin poetik ifadəsi ətraflı şəkildə araşdırılır. Monoqrafiya Cabir Novruz yaradıcılığının müxtəlif aspektlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Nəşr müasir ədəbiyyatşünaslar, tədqiqatçılar, ali məktəb tələbələri, eləcə də Azərbaycan poeziyasına maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.