“Canberra Times” qəzeti: “Xocalı - unudulan qətliam”
Kanberra, 25 fevral, AZƏRTAC
Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin aparıcı mətbu orqanlarından biri olan “Canberra Times” qəzetinin fevralın 25-də nəşr olunmuş nömrəsində Xocalı faciəsi haqda ingilis dilində “Khojaly, a forgotten massacre” (“Xocalı - unudulan qətliam”) adlı məqalə dərc edilib.
Məqalədə Xocalı soyqırımının dünya ictimaiyyəti, xüsusilə də Qərb mediası tərəfindən unudulduğu və bu dəhşətli qətliamın müasir münaqişələrin kölgəsində qaldığı qeyd edilib. Bildirilib ki, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı yönəldilən belə faciələr heç zaman yaddan çıxmamalıdır.
Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni hərbi qüvvələrinin 23 il əvvəl Xocalıda vəhşicəsinə törətdiyi etnik təmizləmənin dünya mediası tərəfindən işıqlandırıldığının xatırlandığı məqalədə bildirilir ki, həmin vaxt “The Time” və “Washington Post” kimi qəzetlərin jurnalistləri bu qətliamı foto faktlarla qeydə alıblar.
Vurğulanıb ki, dinc və silahsız əhaliyə qarşı bu müsibəti Xocalı sakinlərinin təhlükəsiz şəkildə şəhəri tərk etmələrinə dair razılığa məhəl qoymayan erməni hərbiçiləri törədiblər. Azərbaycan xalqının hələ də Xocalı soyqırımına beynəlxalq qurumaların ədalətli qiymət verəcəyini gözlədiyi və bu faciənin heç zaman unudulmayacağı məqalədə xüsusi qeyd edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra