Cari ilin birinci yarısında hərbi xidmət əleyhinə olan cinayətlər 42 faiz azalıb
Bakı, 21 iyul, AZƏRTAC
Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə hesabat dövründə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 21-də Hərbi Prokurorluqda keçirilən 2023-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, bütün bunların nəticəsində hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 16,8 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 42 faiz azalıb. Eyni zamanda, 2022-ci ilin birinci yarısı ilə müqayisədə cari ilin birinci yarısında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 47,6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 13,7 faiz, hərbi xidmətdən yayınma cinayətləri 52,5 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 56,2 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 22,2 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 8,3 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 52,4 faiz, özünü öldürməyə cəhd hadisələri 75 faiz azalıb.