Cəbhədə də, meydanda da qalib komanda – “Qarabağ”
Bakı, 2 oktyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə Ağdamın “Qarabağ” futbol klubu qoşulub.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-də “Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Leqiya”ya Varşavada 3:0 hesabı ilə qalib gəlib. Təcavüzkar Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatının davam etdiyi bir vaxtda qazanılan bu qələbə təkcə komandanın azarkeşlərində deyil, ümumilikdə, cəbhə xəttindən hər gün xoş soraq gözləyən ölkə əhalisində sevinc və məmnunluq hissi doğurub. “Qarabağ” klubu böyükhesablı qələbəsini şanlı və müzəffər Ordumuza həsr etdiyini oyundan sonra bütün heyətlə yaşıl meydanda əsgər salamı verməklə bildirib.
Xatırladaq ki, Dövlət Komitəsinin bu ilin əvvəlindən etibarən keçirdiyi “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.
Yaşasın, müzəffər Azərbaycan Ordusu!
Qələbə bizimlədir!