Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunub
Xızı, 16 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 13-də güclü külək səbəbindən muzeyin dam örtüyü uçmuş, binaya gələn elektrik xətləri də qırılmışdı.
Mədəniyyət Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri tam yekunlaşıb, elektrik xətləri bərpa edilib.
Qeyd edək ki, Cəfər Cabbarlının ev-muzeyi 2019-cu ildə əsaslı təmir olunaraq yenidən qurulub. Bu muzey Cəfər Cabbarlının 2 yaşına kimi yaşadığı evin əsasında yaradılıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.
Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnədə oynanılan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap olunan məqalələri təşkil edir. Diqqətçəkən eksponatlar arasında Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyaları da var. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.